MƏXFİLİK
Məxfilik siyasəti
Qüvvəyə minmə tarixi: 13 noyabr 2026
Bu siyasət Kompleks.az platformasında — kompleks.az saytında, sakin kabinetində (my.kompleks.az), admin panelində, «Kompleks.az» və «Kompleks Admin» mobil tətbiqlərində — fərdi məlumatların hansı məqsədlə toplandığını, necə qorunduğunu və kimə ötürüldüyünü izah edir.
Platformanı NRG Technologies MMC təqdim edir. Mobil tətbiqlər App Store-da INTERGLOW LLC developer hesabı ilə yayımlanır; məlumatların emalı bu siyasətə uyğun aparılır.
Kim nəyə cavabdehdir
Sakinlər barədə məlumatları yaşayış kompleksinin idarəetmə şirkəti (MTK) platformaya daxil edir və onlardan hansı məqsədlə istifadə olunacağını müəyyən edir. Kompleks.az bu məlumatları idarəetmə şirkətinin tapşırığı ilə, yalnız xidməti göstərmək üçün emal edir.
Saytın demo sorğusu və platformanın öz əməkdaşları barədə məlumatlar üçün məsuliyyət NRG Technologies MMC-nin üzərindədir.
Hansı məlumatları emal edirik
- Sakinlər: ad, soyad, ata adı; idarəetmə şirkəti daxil edirsə — FİN, şəxsiyyət vəsiqəsinin seriyası, doğum tarixi, cins, vətəndaşlıq, ailə vəziyyəti, iş yeri; telefon, e-poçt, ünvan.
- Obyekt və müqavilələr: mənzil, park yeri, icarə obyekti, müqavilələr, tariflər, qaimələr, borclar, balans və ödənişlər tarixçəsi.
- Bank kartı: saxlanmış kartın maskalı nömrəsi (məs. 4169 •••• 1234), adı və ödəniş provayderinin verdiyi token. Kartın tam nömrəsini və CVV kodunu saxlamırıq.
- Hesab: istifadəçi adı, şifrənin geri qaytarılmayan heş-i, dil seçimi; əməkdaşlar üçün həm də rol, icazələr və birdəfəlik kod (TOTP) üçün gizli açar.
- Ünsiyyət: idarəetmə şirkətinin göndərdiyi bildirişlər, ödəniş xatırlatmaları və sorğulara verdiyiniz cavablar.
- Sayt: demo sorğu formasında yazdığınız ad, şirkət, e-poçt, telefon, mənzil sayı və mesaj; saytdan ödənişdə müqavilə və ya qaimə nömrəsi.
- Texniki məlumat: serverə gələn sorğuların jurnalı (IP ünvanı, vaxt, ünvan) və əməliyyat jurnalı — kim hansı ödənişi qəbul edib və ya ləğv edib.
Məlumatlardan nə üçün istifadə edirik
Məlumatları satmırıq, reklam üçün istifadə etmirik və başqa şirkətlərin məlumatları ilə birləşdirmirik.
- Hesaba giriş, şifrənin bərpası və hesabın qorunması.
- Borcların, qaimələrin, müqavilələrin və ödənişlərin göstərilməsi.
- Ödənişlərin qəbulu, bölüşdürülməsi və qəbzlərin hazırlanması.
- SMS, e-poçt və tətbiqdaxili bildirişlər: borc və ödəniş xatırlatmaları, idarənin mesajları, təsdiq kodları.
- Dəstək sorğularının cavablandırılması.
- Təhlükəsizlik, sui-istifadənin qarşısının alınması və xətaların araşdırılması.
- Qanunvericiliyin tələb etdiyi uçot və hesabatlılıq.
Məlumatları kimə ötürürük
Məlumatlar yalnız xidməti göstərmək üçün lazım olan həcmdə ötürülür:
- Kompleksinizin idarəetmə şirkətinə — müqavilə tərəfi kimi.
- Ödəniş provayderi YIĞIM Payment Services və banklara — kartla ödəniş üçün. Kart məlumatı yalnız provayderin PCI DSS tələblərinə uyğun səhifəsində yazılır. Apple Pay və ya Google Pay ilə ödənişdə ödəniş tokeni Apple və ya Google-dan provayderə ötürülür.
- SMS və e-poçt göndərişi provayderlərinə — bildirişləri çatdırmaq üçün.
- Hostinq və şəbəkə provayderlərinə (o cümlədən Cloudflare) — serverlərin işləməsi və qorunması üçün.
- Google-a (Gemini) — yalnız idarəetmə şirkətinin əməkdaşı paneldə «AI ilə import» funksiyasını işlədəndə: yüklənən faylın məzmunu siyahını strukturlaşdırmaq üçün göndərilir.
- Dövlət orqanlarına — yalnız qanunla tələb olunduqda.
Mobil tətbiqlər
- Tətbiqlərdə reklam, analitika və izləmə yoxdur; reklam identifikatorundan istifadə olunmur.
- Face ID və barmaq izi telefonun özündə yoxlanır, biometrik məlumat bizə gəlmir. Bu funksiyanı açanda istifadəçi adı və şifrə telefonun qorunan yaddaşında (iOS Keychain, Android Keystore) saxlanır.
- Sessiya yalnız tətbiq açıq olanda yaşayır və tətbiq bağlananda bitir.
- Kartla ödənişdə bankın səhifəsi tətbiqin içində açılır; kart məlumatı tətbiqə deyil, bankın səhifəsinə yazılır.
Kukilər
Sayt yalnız dil seçimini yadda saxlayan kukidən istifadə edir. Sakin kabineti və admin paneli girişin təhlükəsizliyi üçün zəruri kukilərdən istifadə edir. Reklam və analitika kukiləri yoxdur.
Saxlama müddəti
Hesab məlumatları hesab aktiv olduğu və idarəetmə şirkəti ilə müqavilə qüvvədə olduğu müddətdə saxlanılır. Ödəniş və mühasibat qeydləri qanunvericiliyin tələb etdiyi müddətdə saxlanılır. Demo sorğular sorğunun cavablandırılması və əməkdaşlığın müzakirəsi üçün lazım olan müddətdə, texniki jurnallar isə təhlükəsizlik üçün lazım olan müddətdə saxlanılır.
Təhlükəsizlik
- Bütün bağlantılar HTTPS ilə şifrələnir.
- Şifrələr geri qaytarılmayan heş kimi saxlanılır; kartın tam nömrəsi serverlərimizə düşmür.
- Admin panelinə girişdə birdəfəlik kod (TOTP) tələb olunur, əməkdaşın gördükləri onun roluna və icazələrinə görə məhdudlaşdırılır.
- Hər şirkətin məlumatları digər şirkətlərdən ayrılıb.
Hüquqlarınız və hesabın silinməsi
«Fərdi məlumatlar haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məlumatlarınızla tanış olmaq, onların düzəldilməsini və ya silinməsini tələb etmək, emalına etiraz etmək hüququnuz var.
Sakinlər müraciəti kompleksin idarəetmə şirkətinə və ya [email protected] ünvanına göndərə bilər. Hesabın silinməsini istəyirsinizsə, [email protected] ünvanına hesabınızın istifadəçi adı ilə yazın: hesab və giriş məlumatları silinir, ödəniş və borc qeydləri isə qanunvericiliyin tələb etdiyi müddətdə saxlanılır.
Uşaqlar
Hesablar yetkin sakinlər və idarəetmə şirkətlərinin əməkdaşları üçün yaradılır. Platforma 18 yaşdan kiçik şəxslər üçün nəzərdə tutulmayıb.
Siyasətdə dəyişikliklər
Siyasət dəyişəndə yeni mətn bu səhifədə dərc olunur və yuxarıdakı tarix yenilənir. Əhəmiyyətli dəyişikliklər barədə sakinlərə kabinet və ya tətbiq vasitəsilə məlumat verilir.
Əlaqə
Məxfilik və fərdi məlumatlarla bağlı suallarınız üçün bizə yazın və ya zəng edin.
NRG Technologies MMC
VÖEN 1403480301 · Bakı şəh., Nəsimi ray., Hüseynbala Əliyev 37